Əli Kərimli, Ramiz Mehdiyev və digərləri barədə qərar verildi - YENİLƏNİB

18:21 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib.

Hafta.az xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində onlar barəsində istintaq orqanı tərəfindən daxil olan təqdimatlara baxılıb.

Məhkəmə Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin 5 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Əli Kərimli ilə birgə həbs olunan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də həbs müddəti 5 ay uzadılıb.

Bundan başqa, bu gün həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb. Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddətini 5 ay uzadıb.

Eyni zamanda, Məhkəmə tərəfindən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbinin müddətinin 5 ay uzadılması barədə qərar verilib.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

AXCP-nin yaydığı məlumata görə, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.

Ə.Kərimli "Ramiz Mehdiyev işi" üzrə istintaqa cəlb edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədrinə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.